
Karbon ofsetləmə və karbon insetləmə: Dayanıqlı layihə idarəetməsinin rolu
İqlim dəyişikliyi qlobal miqyasda ən ciddi problemlərdən biri olaraq qalır və təşkilatlar karbon izlərini azaltmaq üçün müxtəlif yollar axtarırlar. Bu istiqamətdə iki fərqli yanaşma xüsusilə nəzərə çarpır: karbon ofsetləmə (carbon offsetting) və karbon insetləmə (carbon insetting). Hər iki yanaşma istixana qazı (GHG) emissiyalarını azaltmağı hədəfləsə də, onların tətbiq üsulları və nəticələri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərqləri anlamaq, dayanıqlılıq strategiyalarını səmərəli həyata keçirmək istəyən layihə menecerləri və qərarvericilər üçün vacibdir.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
Karbon ofsetləmə (Carbon Offsetting)
Karbon ofsetləmə, təşkilatın yaratdığı emissiyaları öz dəyər zəncirindən kənarda həyata keçirilən, atmosferdən ekvivalent miqdarda karbon qazını azaldan və ya çıxaran layihələri maliyyələşdirməklə kompensasiya etməkdir. Bu layihələr adətən xarici xarakter daşıyır və aşağıdakı nümunələri əhatə edə bilər:
- Meşə bərpası və ya yeni meşələrin salınması (reforestation, afforestation)
- Bərpa olunan enerji layihələri (məsələn, külək stansiyaları və ya günəş panelləri)
- Poliqonlarda və ya kənd təsərrüfatında metan qazının tutulması
- Karbonun tutulması və saxlanması texnologiyaları
Bu yanaşmada, hər ton karbon emissiyası üçün onun ekvivalentini azaltmaq və ya aradan qaldırmaq məqsədilə karbon kreditləri əldə olunur. Bu kreditlər adətən Gold Standard və ya Verra kimi beynəlxalq standartlarla sertifikatlaşdırılır.
Karbon ofsetləmə qısamüddətli perspektivdə aradan qaldırılması çətin olan emissiyaları kompensasiya etməyə imkan verir. Lakin bu metod problemi kökündən həll etmir, çünki təşkilatlar davamlı olmayan fəaliyyətlərini dəyişmədən davam etdirə bilərlər. Buna görə də, ofsetləmə praktik, lakin uzunmüddətli həll kimi deyil, daha çox keçici yanaşma kimi qiymətləndirilir.
Karbon insetləmə (Carbon Insetting)
Karbon insetləmə, emissiyaları təşkilatın öz dəyər zəncirində azaltmaq və ya aradan qaldırmaq məqsədini daşıyır. Bu yanaşma dayanıqlı təcrübələrin birbaşa biznes əməliyyatlarına, təchizat zəncirlərinə və tərəfdaş münasibətlərinə inteqrasiya edilməsini nəzərdə tutur. İnsetləmə layihələrinə nümunələr:
- Təchizatçılar arasında dayanıqlı kənd təsərrüfatı təcrübələrinin təşviqi
- Müəssisələrdə bərpa olunan enerji mənbələrinə keçid
- İdarə olunan və ya şirkətə məxsus ərazilərdə meşə idarəetməsinin təkmilləşdirilməsi
- Logistikanın optimallaşdırılması və nəqliyyat emissiyalarının azaldılması
Karbon insetləmə məsuliyyəti artırır və uzunmüddətli dayanıqlılığa sadiqliyi nümayiş etdirir. Bu yanaşma emissiyaları mənbəyində aradan qaldırır, əməliyyatlarda səmərəliliyi artırır, innovasiyaları təşviq edir və təşkilata əlavə dəyər yaradır. Bundan başqa, təchizatçılar, işçilər və yerli icmalarla daha güclü münasibətlərin qurulmasına şərait yaradır.
Dayanıqlı layihə idarəetməsinin əhəmiyyəti
Hər iki yanaşma karbon emissiyalarının azaldılmasında rol oynasa da, insetləmə getdikcə daha səmərəli və uzunmüddətli strategiya kimi qiymətləndirilir. Bu metod emissiyaları mənbəyində hədəf alır, sistemli dəyişiklikləri təşviq edir və təşkilatın uzunmüddətli biznes məqsədlərinə uyğunlaşır.
Karbon insetləmə strategiyalarının uğurla həyata keçirilməsi üçün yeni biznes proseslərinin, resursların, təchizat zəncirlərinin və məhsulların yaradılması tələb olunur. Burada layihələr əsas icraedici vasitə rolunu oynayır, çünki onlar təşkilatda dəyişiklikləri reallaşdırır və tətbiq edir.
Araşdırmalar göstərir ki, təşkilatlar dayanıqlılıq strategiyalarını tətbiq edərkən bir sıra çətinliklərlə üzləşirlər. Bunlardan biri də layihə menecerlərinin səriştələrinin kifayət qədər inkişaf etməməsidir. Dayanıqlılığın biznesə inteqrasiyası üçün layihə menecerləri başa düşməlidirlər ki, bu anlayış layihələrin hazırlanması, planlaşdırılması, təşkili, icrası, idarə edilməsi və rəhbərliyi proseslərinə necə təsir göstərir.
Bu məqsədlə IPMA “Sustainable Project Management ICB4 Reference Guide” dayanıqlı layihə idarəetməsi üçün tələb olunan səriştələr üzrə əhatəli standart təqdim edir. Bu bələdçi, IPMA-nın bu il başlayacaq yeni Dayanıqlı Layihə İdarəetməsi sertifikatlarının əsasını təşkil edir.
Original məqalə üçün: IPMA WORLD
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun