
COP30: İqlim üçün fəaliyyət, yoxsa iqlim saxtakarlıq?
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində keçiriləcək 30-cu Tərəflər Konfransı (COP30) bu il Braziliyada baş tutacaq. Bu, qlobal iqlim fəaliyyətində simvolik bir məqam kimi təqdim olunur. Dünyanın müxtəlif yerlərindən liderlər, siyasətçilər və ekoloqlar dayanıqlılıq mövzusunu müzakirə etmək üçün bir araya gələcəklər. Lakin Braziliyanın bu tədbirə hazırlığı ciddi ziddiyyəti üzə çıxarır: COP30-un qorumağı hədəflədiyi ətraf mühitin elə tədbirə hazırlıq naminə məhv edilməsi.
Çıxış yolu gözlənilərkən dağıntı baş verir
Belən şəhərində — tədbirin ev sahibində — infrastruktur layihələri, o cümlədən böyük magistral yol tikintisi Amazon meşəsini məhv edir. Bunun ekoloji qiyməti olduqca ağırdır:
- 15,600 ağac məhv edilib
- 3,12 milyon litr gündəlik su itkisi (transpirasiya azalması səbəbindən)
- 390 quş növü zərər görüb
- 1,95 milyon həşərat məhv edilib
- 195 sürünən növü yoxa çıxıb
- 78 məməli növü köçkün olub
Bununla belə, COP30 təşkilatçılarından və Braziliya hökumətindən demək olar ki, sükut hökm sürür. Problemi etiraf etmək əvəzinə, layihələrə “dayanıqlı” damğası vurulur: velosiped yolları və günəş enerjisi ilə işləyən işıqlarla bəzədilmiş “yaşıl imic” klassik “greenwashing” nümunəsinə çevrilib.
Meşəsizləşməyə söykənən sammit?
Amazon meşəsi təkcə Braziliyanın sərvəti deyil — bu, dünyanın ən həyati ekosistemlərindən biridir. Hər bir ağacın kəsilməsi, hər bir növün yox olması və hər litr suyun itkisi planetin özünü tənzimləmə qabiliyyətini zəiflədir. Və bütün bunlar nəyə görə? COP30-un əsas missiyasını kölgəyə salan bir magistral yol üçün?
Bu, sözlərlə əməllərin kəskin ziddiyyətindən başqa bir şey deyil. İqlim sammitləri həll yolları üçün toplaşma nöqtəsi olmalı, riyakarlığın fonuna çevrilməməlidir. Əgər tədbirin özü ətraf mühitə hörmət etmirsə, qlobal səviyyədə real nəticə gözləmək nə dərəcədə mümkündür?
Belən şəhəri iqlim tədbirlərinin nümunəsi olmalı ikən, əslində ekoloji cinayət səhnəsinə çevrilir. Dayanıqlılıq sammitinə hazırlıq adı altında bu miqyasda meşəsizləşmə baş verməsi, qlobal iqlim hərəkatına qarşı açıq-aşkar hörmətsizlik kimi görünür. Rəsmi bəhanələr — sürətli nəqliyyat, iqtisadi artım — artıq çox tanış səslənir. Dünyanın bir çox guşəsində təbiəti məhv edən eyni arqumentlər burada da təkrar olunur.
Böyük səhnədə “Greenwashing”
Velosiped yolları, günəş enerjisi ilə işləyən lampalar və “eko-şüurlu” inkişaf vədlərini nümayiş etdirmək asandır. Amma bunlar genişmiqyaslı meşəsizləşməni ört-basdır etmək üçündürsə, bu, açıq-aşkar riyakarlıqdır. Braziliya hökuməti özünü iqlim lideri kimi göstərmək istəyir, amma eyni zamanda iqlim dəyişikliyinə qarşı mübarizədə həyati rol oynayan Amazonu sarsıdır. Dövlətlər və şirkətlər bu oyunu mükəmməl şəkildə oynamağı öyrəniblər: dayanıqlılıq təşəbbüslərini reklam edirlər, amma eyni fəaliyyətləri davam etdirirlər. Dünya isə həqiqəti görməzlikdən gəlməyə dəvət olunur. Lakin indi bütün diqqət Braziliyaya yönəlib.
Səssizliyin təhlükəsi
COP30 təşkilatçılarından etiraz səsi haradadır? Hesabatlılıq hardadır? Bu miqyasda meşəsizləşmə bir iqlim sammitinə hazırlıq çərçivəsində baş verirsə, bu, bütün dünyada həyəcan siqnalı çalmalıdır. Amma məsul şəxslər susur. Bu sükut isə sadəcə susqunluq deyil — həm də etimadın itirilməsidir.
Əgər həqiqətən iqlim dəyişikliyi ilə mübarizə prioritetdirsə, liderlər açıq danışmalı və real addımlar atmalıdır. Əks halda, COP30 yalnız söz oyununa çevriləcək.
Hesabatlılığa çağırış
Ekoloqlar, siyasətçilər və vətəndaş cəmiyyəti nümayəndələri şəffaflıq və real öhdəlik tələb etməlidir. Dayanıqlılıq boş bir marka, reklam vasitəsi ola bilməz. Dünyanın ən vacib ekosistemləri bu şəkildə qurban verilə bilməz.
Braziliya hökuməti və COP30 təşkilatçıları hesabatlı olmalıdır. Əsl iqlim öhdəliyi o deməkdir ki, tədbirin hazırlığı Amazonun məhv edilməsi hesabına baş verməməlidir. Bu, infrastruktur inkişafına qarşı olmaq deyil. Bu, daha ağıllı və həqiqətən dayanıqlı yanaşma tələbidir — iqtisadi tərəqqi ilə ekoloji sağ qalma arasında seçim etməyə məcbur etməyən bir yanaşma.
Dünya izləyir
Amazon tez-tez “Yer kürəsinin ağciyərləri” adlanır — o, atmosferdən nəhəng miqdarda karbon qazını udur və həyat üçün oksigen istehsal edir. Onun məhv edilməsi iqlim dəyişikliyini sürətləndirir, yerli icmaları təhlükə altına salır və saysız-hesabsız növlərin yox olmasına gətirib çıxarır.
Əgər COP30 ciddi qəbul olunacaqsa, dünya liderləri, ekoloji fəallar və vətəndaşlar Braziliyanın mövcud kursunu dəyişməsini tələb etməlidirlər.
Boş vədlər və nümayişkaranə “yaşıl imic” kifayət deyil. Əsl hərəkət, hesabatlılıq və icra mexanizmləri lazımdır.
Dünya izləyir. Və artıq göz yummaq olmaz.
Joel Carboni, 2025
Original məqalə üçün: GPM GLOBAL
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun