2026-cı ildə Azərbaycan Respublikası Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Bakı, 27 iyun 2024-cü il – Bu gün BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı direktoru xanım İnger Andersenin Bakıya rəsmi səfəri çərçivəsində UNEP və Azərbaycan Respublikası tərəfindən 2026-cı ildə ölkədə Ümumdünya Ətraf Mühit Gününün keçiriləcəyi elan edilmişdir.
5 iyun 2026-cı il tarixində Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ətraf mühit ilə bağlı əməkdaşlığı və məqsədyönlü fəaliyyəti ehtiva edən ən böyük qlobal platformadır. 1972-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilmiş Ümumdünya Ətraf Mühit Günü bəşəriyyət və planetimiz üçün ekoloji tərəqqinin sürətləndirilməsi naminə reallaşdırılan bütün fəaliyyət və tədbirlərdə istər əyani, istərsə də onlayn formatda iştirak edən milyonlarla insan tərəfindən qeyd olunur. 2026-cı ildə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Günü çərçivəsində əsas diqqət iqlim dəyişmələri ilə bağlı məsələlərə yönəldiləcək.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirmişdir ki: “Yer kürəsinin demək olar ki, hər bir guşəsində olduğu kimi, iqlim dəyişmələri və ekoloji deqradasiyasının təsirləri Azərbaycandan da yan keçməyib. Ümumdünya Ətraf Mühit Günü, bütün dünyaya ümid etməyə milyonlarla səbəb təqdim edərək bu təsirlərin qarşısını almağa yönəlmişdir. Bu il noyabrda Azərbaycan BMT-nin İqlim dəyişmələri üzrə konfransına ev sahibliyi etmək, bərpa olunan enerji resurslarını artırmaq, meşə ərazilərini genişləndirmək və ən müasir texnoloji imkanlar sayəsində tullantı səviyyəsini azaltmaq əzmindədir. Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etmək yaşıl dünya naminə həmrəyliyimizə əsaslanan təbii seçimdir”.
Son bir neçə ildir ki, dünya ölkələri iqlim dəyişmələri, təbiətin məhv olması və ətraf mühitin çirklənməsi və tullantılar kimi üç amilin törətdiyi planetar böhranı həll etmək naminə həmişəkindən daha sıx əməkdaşlıq edir. BMT-nin sonuncu İqlim Dəyişmələri Konfransında (COP28) iştirak edən ölkələr bərpa olunan enerji, səmərəlilik və metan qazı ilə bağlı yeni öhdəliklər xüsusunda razılığa gəlmiş, həmçinin qazıntı yanacaqları dövrünün bitdiyinə işarə etmişlər. BMT-nin 2022-ci ildə keçirilmiş Biomüxtəliflik Konfransı (COP15) hazırda icra olunan və 2030-cu ilə qədər ətraf mühitin deqradasiyasını dayandıraraq təbiəti bərpa etməyi nəzərdə tutan mühüm Qlobal Biomüxtəliflik Konsepsiyasının qəbulu ilə başa çatmış, dünya ölkələri açıq dənizlərdə biomüxtəlifliyi qorumaq üçün tarixi əhəmiyyət kəsb edən beynəlxalq saziş imzalamışlar.
İnger Andersen qeyd etmişdir ki: “Dünya hökumətləri, şirkətlər, vətəndaş cəmiyyəti və insanlar qazıntı yanacaqları dövrünə son qoyulması, deqradasiyaya uğramış təbiətin bərpası, çirklənmə səviyyəsinin azaldılması və daha sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması da daxil olmaqla, bəşəriyyəti dəyişiklik etməyə çağırır. Ümumdünya Ətraf Mühit Günü qlobal səyləri bir araya gətirmək üçün vahid platformadır. Ümid edirəm ki, 2026-cı ildə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə qədər iqlim böhranı ilə bağlı irəliləyişə nail olmaq üçün Azərbaycan Respublikası ilə birgə işləyə biləcəyəm”.
Bu ilin sonuna kimi COP29 çərçivəsində iqlimlə bağlı məsələlərin maliyyələşdirilməsi və COP16 Səhralaşma ilə Mübarizə Konvensiyasında səhralaşmaya qarşı mübarizə tədbirlərinin görülməsi sahəsində mühüm irəliləyiş, eləcə də ətraf mühitin plastik materiallarla çirkləndirilməsinə son qoymaq üçün üç ildir aparılan beynəlxalq danışıqların hüquqi cəhətdən icbari sənədlə yekunlaşacağı gözlənilir.
Gələn il Ümumdünya Ətraf Mühit Günü Koreya Respublikası tərəfindən keçiriləcək və ətraf mühitin plastik materiallarla çirkləndirilməsinə son qoymaqla bağlı məsələlərə həsr olunacaq. 2024-cü ildə keçirilmiş Ümumdünya Ətraf Mühit Gününə Səudiyyə Ərəbistanı Krallığı ev sahibliyi etmişdir; tədbirdə əsasən torpaqların rekultivasiyası, səhralaşma və quraqlığa davamlılıqla bağlı məsələlərə diqqət ayrılmışdır.
Məqalə www.cop29.az veb saytınnan götürülmşdür